ŞƏMSƏDDİN KUZƏÇİ DOĞMALIĞI
Gülaye Konul (Şınıxlı)-Azerbaycan
“Kim ki, nənliyində bəsləyibdi mən, vətəni, milləti, yurdu yolunda kim ki, bölünübdü hər an tənbətən boynumda əbədi haqqı var, Vətən” düşüncəsi, haqq-sayı ilə yazıram Kərküklü şair-araşdırmaçı, Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi haqqında…
Anıları ilə mutlu olan;
“Günəşi görməyə gəlmişik ölmədən öncə” söyləyən;
“Çilələrə, ağrılara qatlanmayan bizdən deyil” mərdanəliyilə yaşayıb-yaradan Şəmsəddin Kuzəçi barəsindədi bu yazı. Ədəbi-bədii yaradıcılığıyla ilk tanışlığımdan bu yana Şəmsəddin bəyin dil əzbəri etdiyim bu misralarını heç unutduğum olmadı:
Kərkük üçün arzular,
Al qanıma boyandı…
Nə gül qaldı, nə çiçək,
Nə dağ başında qarlar…
Türçülük havalı, əsintili Kərkükün Musalla mahalında doğulub. Burada universitet təhsili alıb. Ədəbi həyata 1976-cı ildən başlayıb. Bir söz adamı, şair olaraq ilk ötdüyü şərqi, yazdığı hoyrat aşağıdakı misralardı:
Naznazdı,
Açan güllər naznazdı.
Nə yarın camalı var,
Nə etdiyi naz nazdı…
Sadə və səmimidi. Mükəmməl qafiyə sistemi var. Deməzdim ki, bu səmimi xoyratda fikir, mətləb yanlışlığı yoxdu. Bu, başqa bir mövzunun söhbətidi. Amma önəmli olan odur ki, çox erkən yaşından Şəmsəddin bəyin dili doğma lisanımızın axarına, anlaşıqlı, səmimi dünyasına açılıb.
Şəhid şair Kemal Ömer bəy haqqında Kərkükdə nəşr edilən kitabına nəzər yetirmək bəs edər ki, Şəmsəddin Kuzəçinin şair-vətəndaş mövqeyinin baxış bucağının hansı ucalıqdan gəldiyini təsəvvür edəsən. Ya elə İstanbulda basılan “İki könül” kitabının anlatdıqlarıyla yaşamaq bəs edər qardaş ellərin ruhunca, havasınca uçuşasan… Onun “Türkün səsi” kitabı isə canı-qanı qədər sevdiyi, ruhunun paytaxtı olaraq dəyərləndirdiyi doğma Azərbaycanımızda işıq üzü görüb. Hər birində də bir dünyalıq millət sevgisi, vətəndaşlıq qayəsi…
“Şəmsəddin Kuzəçi türkmən ellərinin ünlü bir səsidir” yazır ədəbiyyatşünas alim, tanınmış türk şairi İsa Kayacan. İsa bəyin bu dəqiq dəyərləndirməsilə həmrəydilər Bircan Akyıldız, Ümid və Sidun Köprülülər… Xalq yazıçısı Anar, kərkşünas alim Qəzənfər Paşayev onun haqqında könül xoşluğu, sonsuz qürur duyğusu ilə bəhs ediblər. Seyfeddin Birabçı üçün Şəmsəddin bəy “güvənc və ümid qapısı”dır. Bu sayğının, sonsuz məhəbbətin təməlində Ş.Kuzəçinin türkçülük düşüncəsinin gəlişməsi yolundakı önəmli fəaliyyəti, əqidə bütövlüyü dayanır. Şəmsəddin bəy doyub-usanmadan bəyan edir ki:
Türkoğlu türk əslim mənim,
Oğuz boyu nəslim mənim.
Şan-şöhrətli ismim mənim,
Mən kərküklü bir türkmənəm.
Və bu deyilənlər, sadəcə, söz olaraq dilə gətirilməyib. Bu münasibətin arxasında bütöv bir akademiyanın illər uzunu başa gətirə bilməyəcəyi əməli işlər var. Təkcə iki cildlik “Kərkük şairləri” toplusunun tutumunu və “Türkmən ədəbiyyatı” araşdırmasının maraq dairəsini göz önünə gətirmək bəs edər ki, Şəmsəddin bəyin dost-qardaş ellərimizin sənət, söz abidələrinin təbliği, öyrətilməsi sahəsindəki genişmiqyaslı fəaliyyətinin mənzərəsini görə biləsən.
Tale elə gətirdi ki, Türkiyədə keçirilən bir çox beynəlxalq şeir şölənlərində Ş.Kuzəçi ilə birgə iştirak etdik. Şəmsəddin bəyin Bakıya çoxsaylı səfərləri zamanı da bir çox geniş tədbirlərdə sənət görüşlərimiz oldu. O unudulmaq sənət söhbətləri zamanında belə mən həmişə Şəmsəddin bəyin böyük vətəndaş ürəyini, sayğısını gördüm. Bu sakit, rahat təbiətli insanın ruhunda cövlan edən ədəbiyyat qasırğasını bütün yönləri ilə dərk etdim və bu yazını qələmə aldığım məqamlarda da onun dost, qardaş siması mənim gözlərim önündədi…
Bakü-2010