Ata Terzibaşı’nın Doğumunun 100. Yılı Etkinliği

ELAN

22-23 may 2024-cü il tarixlərində Bakı şəhərində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə “İRAQ-TÜRKMAN FOLKLORU VƏ ƏDƏBİYYATI” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək Tariximizin, ədəbiyyatımızın və mədəniyyətimizin mühüm bir parçasını təmsil edən İraq türkmanları ağır ictimai-siyasi hadisələr fonunda milli kimliyin qorunub saxlandığı zəngin dil və qədim xalq ədəbiyyatı, mədəniyyəti incilərini sağlam şəkildə yaşatmağa, yeni çalarlar qataraq inkişaf etdirməyə nail olmuşlar.

İraq türkmanları tükənməz folklor qaynağına malik olmaqla yanaşı, həm də dahi İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qiymətli yaradıcılığı ilə başlayan və bu gün də xalqın siyasi-ictimai həyatını işıqlandırmaq istiqamətində inkişaf etdirilən zəngin yazılı ədəbiyyat nümunələri də yaradırlar. İraq türkmanlarının yaratdığı yazılı ədəbiyyat tarix boyu inkişaf etdirilərək zəngin bir irs meydana gətirmiş və dövrümüzədək yaşamaqdadır. Yad xalqlar və dillərlə əhatə olunmuş bir çevrədə anadilli poeziyanın da yaşadılması bu ədəbiyyatın həqiqətən möhkəm sütunlar üzərində bərqərar olmasından xəbər verir.

İraq türkmanlarının və bütövlükdə türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Əta Tərzibaşı xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, tarix, ədəbiyyat, mətbuat və s. kimi mühüm sahələrdə yorulmadan çalışmış, fundamental əsərlər yaratmışdır.

İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan bu görkəmli elm fədaisi əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınmış, xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirmişdir.

XX əsrin 50-ci illərinədək İraq-türkman dili, tarixi, ədəbiyyatı, folkloru, ümumiyyətlə mədəniyyət tarixi sistemli şəkildə araşdırılmamış, bu sahədə ciddi tədqiqatlar aparılmamışdır. Etnik yaddaşda qorunub saxlanan, milli ruhu və milli zövqü əks etdirən bu zəngin mədəniyyət xəzinəsinin yazıya alınıb araşdırılmasını İraq türkmanları qarşısında bir vətəndaşlıq və vətənpərvərlik vəzifəsi kimi dəyərləndirən görkəmli araşdırıcı Əta Tərzibaşı bütün mənalı ömrünü təmənnasız olaraq İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr etmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə bu fədakar araşdırıcının yubileyi şərəfinə “Görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Sizi İraq-türkman dili, tarixi, folkloru, etnoqrafiyası, ədəbiyyatının, eləcə də Əta Tərzibaşının zəngin yaradıcılığının araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

 Konfransın 4 mövzu istiqamətində təşkil edilməsi planlaşdırılır:

  1. Əta Tərzibaşı:(a) həyatı,(b) ədəbiyyatşünaslıq irsi, (c)folklorşünaslıq fəaliyyəti, (d)mətbuat sahəsindəki yaradıcılığı.
  2. İraq türkmanlarının dili.
  3. İraq-türkman folkloru.
  4. İraq-türkman ədəbiyyatı.

 Sədarət:

Akad. İsa Həbibbəyli – AMEA-nın prezidenti

Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun direktoru

Dr. Şəmsəddin Küzəçi – Kərkük Kültür Dərnəyinin sədri

Akad. Teymur Kərimli – İraq-türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədri

Elmi heyət:

Prof. Qəzənfər Paşayev – AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, İraq-türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının həmsədri

Akad. Möhsün Nağısoylu – AMEA-nın müşaviri

Prof. Ramazan Qafarlı – AMEA Folklor İnstitutunun şöbə müdiri

Prof. Əfzələddin Əsgər – AMEA Folklor İnstitutunun şöbə müdiri

Prof. Məhərrəm Qasımlı – AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri

Prof. Dr. Çoban Xıdır Uluxan – Kərkük Universiteti

Dos. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun şöbə müdiri

Doç. Dr. Məhəmməd Əli Şərif – Kərkük Universitetinin Türkologiya fakültəsi

Fil.ü.f.d., dos. Kübra Quliyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi

Fil.ü.f.d., dos. Afaq Ramazanova – AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini

Fil.ü.f.d., dos. Mehman Həsənli – AMEA Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini

Fil.ü.f.d., dos. Aygün Bağırlı – AMEA Ədəbiyyat İnstitutunun elmi katibi

Fil.ü.f.d., dos. Elçin Abbasov – AMEA Folklor İnstitutunun elmi katibi

Məsul katib:

Səkinə Qaybalıyeva – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Katiblik:

Elnarə Əmirli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

 MÜHÜM TARİXLƏR:

  • Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 20 aprel 2024-cü il tarixinədək ataterzibasi100@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
  • Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 25 aprel 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
  • Konfrans 22-23 may 2024-cü il tarixlərində üz-üzə və onlayn formatda keçiriləcəkdir.
  • Məruzələrin tam mətni 25 iyun 2024-cü il tarixinədək təqdim edilməlidir.
  • Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.

***